Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış «PAŞA Həyat Sığorta» şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ən iri ödənişini edib.
Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sığorta növü üzrə 104 min manata yaxın ödəniş yanvarın 26-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanan şəxsin ölüm faktına görə ödənilib.
Bağlanmış icbari sığorta müqaviləsində qeyd olunan müvafiq şərtlərə uyğun olaraq, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası»nın müvafiq bəndi tətbiq edilməklə 103 892 manat həcmində birdəfəlik sığorta ödənişi vəfat etmiş sığorta olunanın faydalanan şəxsinə - mərhumun ailəsinə ödənilib.
Xatırladaq ki, 2013-cü ilin əvvəlindən indiyədək «PAŞA Həyat Sığorta» şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə (sonuncu ödəniş də daxil olmaqla) 246 min manatdan çox sığorta ödənişi verilib.
«PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edir.