Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 492 854 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 007,66 manat təşkil edir. Səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 25% artaraq 50 mln. manata çatacaq.
Qeyd edək ki, «Rabitəbank» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 193,789 mln. manat, kredit portfeli 114,386 mln. manat, depozit portfeli 119,344 mln. manat, məcmu kapitalı 44,4 mln. manat, o cümlədən nizamnamə kapitalı 40 mln. manat təşkil edib.