Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «TBC Kredit» bank olmayan kredit təşkilatının təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 10 min manat, sayı 200 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «ADB Broker» MMC çıxış edəcək.
İstiqrazların tədavül müddəti 360 gün, gəlirliyi illik 7%, faiz ödəniş dövrünün müddəti isə 90 gün təşkil edir.
Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə ABŞ-ın «ShoreBank International Ltd.» təşkilatına məxsusdur. Hazırda «TBC Kredit»in nizamnamə kapitalı 10 mln. manat təşkil edir.