Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azərbaycan)» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 115,724 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,6 dəfə artaraq 110,860 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 57,759 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 4,0 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 2,2 dəfə artaraq 3,937 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,2 faiz bəndi azalaraq 3,6%-ə düşüb.
Bankın depozit portfeli son bir ildə 2,6 dəfə artaraq 11,831 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 5,853 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 5,2% artaraq 16,186 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 23,815 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,7 dəfə artaraq 8 026, o cümlədən fiziki şəxslərin sayı 2,8 dəfə artaraq 7 741, hüquqi şəxslərin sayı 24,5% artaraq 285 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 632-yə bərabər olub ki, bu da illik müqayisədə 4,0 dəfə çoxdur.
Hazırda bankın ölkə üzrə 3 filialı, 4 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir. Bankın 221 işçisi var.