Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda nağd pul kütləsinin artım səviyyəsi azalacaq. Bu, ölkədə qeyri-nağd iqtisadiyyat formalaşdıqdan sonrakı müddətə proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Nağd pullar Departamentinin direktoru Hacıbaba Mənsimov jurnalistlərə açıqlamasında bildirib.
H.Mənsimov bildirib ki, dünya təcrübəsinə əsasən, məsələn, Avropada nağd hesablaşmaların xüsusi çəkisi qeyri-nağd hesablaşmalardan kifayət qədər azdır: «Lakin statistika göstərir ki, xüsusilə böhran vaxtlarında Avropada nağd pulun həcminin artım tempi 15% olub. İndi isə, artım tempi təxminən 7-8%-ə düşüb. Dünyada elə bir ölkə yoxdur ki, orada nağd pul dövriyyəsi artmasın».
Qeyd edək ki, Azərbaycanda bu ilin iyunun 1-nə nağd manat pul kütləsinin həcmi illik müqayisədə 21,2% artıb.