Bakı - APA-Economics. İyunun 11-də Bakı Banklararası Valyuta Birjasının (BBVB) təşkilatçılığı ilə keçirilən banklararası "Bahar" kuboku futzal turnirinin final mərhələsi başa çatıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, güclü oyun nümayiş etdirən "Amrahbank"ın komandası finalda "Muğanbank"ı 8:3 hesabı ilə məğlub edərək çempion olub.
Qeyd edək ki, turnir ərzində "Amrahbank" üstün oyunu ilə seçilərək heç bir matçda məğlubiyyətə uğramadan final mərhələsinə qədər çatıb. Turnir zamanı "Amrahbank" komandasının kapitanı Rüfət Hüseynov 21 qolla turnirin ən sərrast futbolçusu olub və buna görə, BBVB-nin xüsusi hədiyyəsi ilə təltif olunub.
Oyundan sonra çempion olmuş “Amrahbank” futbol komandasına turnir təşkilatçıları tərəfindən turnirin birinciliyini təsdiq edən kubok təqdim olunub. Təqdimetmə mərasimində həm təşkilatçılar, həm də azarkeşlər çıxış edərək komandamızı qazandıqları qələbə münasibətilə təbrik ediblər, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, yarışda “Amrahbank”ın 200-dən çox əməkdaşı komandaya dəstək verib.