Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 306,6 mln. manat təşkil edib. Bu isə cari müvafiq 6 aylıq proqnozdan 1,9% çoxdur.
Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 3,1% yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,9% artaraq 723,8 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,9%-i və ya 462,8 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.
Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,8% və ya 76,7 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1% artıb.
Bundan başqa, 2013-cü ilin yanvar-iyun aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 261,0 mln. manat təşkil edib və proqnoz 81,3% icra olunub.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 5,7 mln. manat təşkil edib. Dövlət büdcəsindən 577,1 mln. manat məbləğində transfert Fondun xəzinə hesabına köçürülüb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
Hesabat dövründə DSMF-nin xərcləri 1 241,9 mln. manat təşkil edib.
Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 219,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 1 190,6 mln. manat təşkil edib.
Qeyd edək ki, prezidentin müvafiq sərəncamına əsasən, 2013-cü il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1%-lik artım tətbiq olunub.
Cari ilin yanvar-iyun aylarında əhaliyə 28,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 29,9%-i hamiləliyə və doğuma görə, 29,8%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,1%-i dəfn üçün, 24,2%-i isə digər müavinətlərin payına düşür.
DSMF-nin digər xərcləri 22,9 mln. manat (o cümlədən, Fondun aparatının və yerli orqanlarının saxlanılmasına 9,3 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 4,9 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 8,1 mln. manat) təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur.