Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin iyun ayı üzrə 98,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici may ayına nisbətən 19,0 faiz bəndi azalıb.
RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin iyun ayında ümumi pərakəndə dövriyyəsi 1 581,0 mln. manat, mayda isə 1 598,9 mln. manat təşkil edib.
Göründüyü kimi, azalma ilə paralel indeks 100%-dən aşağı olub. İndeksin 100%-dən aşağı olması aprel ayında pərakəndə ticarətin həcminin mart ayı ilə müqayisədə aşağı düşdyünü göstərir. Qeyd edək ki, indeksin azalmasının iki əsas səbəbi ola bilər. Birincisi ticarətdə ümumi yay zəifləməsi ilə, ikincisi isə yay aylarında ərzaq məhsullarının qiymətlərinin müəyyən dərəcədə aşağı düşməsi ilə əlaqələndirilə bilər.
Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində pərakəndə ticarətdə 9,1%-lik illik artım müşahidə olunub. Bundan əlavə, 2012-ci il ərzində orta aylıq pərakəndə ticarət dövriyyəsi 1,463 mlrd. manata bərabər olduğu halda, 2013-cü ilin ilk yarısında bu göstərici 1,511 mln. manat təşkil edib. Beləliklə, həmin göstərici üzrə cəmi 3,3%-lik artım müşahidə olunur.