Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2013-cü ilin mart üzrə 118,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici fevral ayına nisbətən 19,1 faiz bəndi çoxdur.
İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.
Göründüyü kimi, artmaqla yanaşı indeks 100%-dən yüksək səviyyədədir. Bu isə mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü ilin aprelin 1-nə 213,5 mln. manat, martın 1-nə 180,4 mln. manat, fevralın 1-nə 181,7 mln. manat təşkil edib.
Mart ayında mal qalıqlarının artması mal təchizatının güclənməsi ilə əlaqədardır. Belə ki, fevral ayı ilə müqayisədə martda pərakəndə ticarət dövriyyəsi 1 365,8 mln. manatdan 1 683,8 mln. manata qədər artıb. Yəni, əgər belə olan halda mal təchizatı artmasa, mal qalıqları azalmalıdır.