Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 17 144,523 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 0,16% azdır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Hesabata əsasən, təhlil olunan dövr ərzində ixracın həcmi 5,8% azalaraq 11 970,055 mln. dollar, idxalın həcmi isə 16,0% artaraq 5 174,468 mln. dollar olub. Yarımillik ərzində Azərbaycan 1 560 çeşid mal ixrac, 5 347 çeşid mal idxal edib.
Qeyd edək ki, ixracın tərkibində əsas yeri xam neft tutur. Belə ki, 6 ay ərzində xam neft ixracının dəyəri (gömrük bəyannamələri əsasında) 9,940 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 9,6% azdır. Ümumilikdə, sayğac üzrə xam neft ixracının həcmi 17,286 mln. tona bərabər olub ki, bu da ötən ilin 6 aylıq göstəricisindən 4,8% azdır. Eyni zamanda 6 ay ərzində 3,359 mlrd. kubmetr qaz ixrac olunub ki, bu da illik müqayisədə 4,6% azdır.