31 dekabr 2016-cı və 2015-ci il tarixlərinə "Bank Avrasiya" ASC tərəfindən banklara, dövlət və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər üzrə hesablanmış, lakin ödənilməmiş faizlər müvafiq olaraq 114,107 min manat və 27,281 min manat təşkil edib.
"APA-Economics" bankın 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, ötən ilin sonuna banklara, dövlət və digər maliyyə institutlarına ödəniləcək vəsaitlərə Sahibkarlığa Kömək Milli Fondundan alınmış illik faiz dərəcəsi 1% olmaqla ödəniş müddəti 4,5 il olan 4 mln. manat, ödəniş müddəti 5 il olan 5 mln. manat, ödəniş müddəti 6,5 il olan 3,5 mln. manat, ödəniş müddəti 8,5 il olan 5 mln. manat məbləğində, ödəniş müddəti 9,5 il olan 5,9 mln. manat məbləğində, Azərbaycan İpoteka Fondundan (AİF) alınmış illik faiz dərəcəsi 1% və 4% olmaqla ödəniş müddəti 20 ildən artıq olan 2 mln. 715,171 min manat məbləğində kredit vəsaiti daxil olub.
31 dekabr 2016-cı il tarixinə banklara ödəniləcək vəsaitlərə illik faiz dərəcəsi 10% və ödəniş müddəti 1 il olmaqla 604,840 dollar (manat ekvivalenti ilə) məbləğində "DəmirBank" ASC tərəfindən yerləşdirilmiş müddətli depozitlər və illik faiz dərəcələri 8,5% və 6% və ödəniş müddətləri 2 il və 1 il olan 400 min manat və 384,411 min dollar məbləğlərində "Bank Respublika" ASC-dən alınmış kreditlər daxildir.