Bu gün Bakıda "Daşınar əmlakın yüklülüyü islahatı: nailiyyət və çağırışlar" mövzusunda regional konfrans keçirilir.
"APA-Economics" xəbər verir ki, iki günlük konfransın proqramına hüquqi və tənzimləyici aspektlər, institutsional/daşınar əmlakın yüklülüyü reyestri və kreditorlar tərəfindən tətbiqi (daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə) məsələləri daxil edilib.
Konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) icraçı direktorunun müavini Asim Zülfüqarov bildirib ki, daşınar əmlakın yüklülüyü sahəsində aparılan islahatlar kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdıracaq: "Daşınar əmlakın dövlət reyestrinin yaradılması daşınar əmlakın yüklülüyünü müəyyənləşdirməyə imkan verəcək. Bununla da iqtisadiyyat daha sərfəli və uzunmüddətli vəsaitlərlə təmin olunacaq. Aparılan islahatlar, atılan addımlar beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanda kreditin əlçatanlığı üzrə reytinqinin yüksəlməsinə səbəb olacaq".
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Elçin İbrahimovun sözlərinə görə, 2015-ci ilin sonlarından ölkədə islahatlar sistemli xarakter daşıyıb. O əlavə edib ki, bu islahatlar ümumi biznes mühitinin yaxşılaşması, sahibkarlığın inkişafı ilə bağlı sistemli islahatın tərkib hissəsidir.
Tədbirdə qeyd edilib ki, fiziki və hüquqi şəxslər üçün maliyyəyə çıxış inkişaf etməkdə olan bir çox ölkələrdə mühüm çətinliklərlə üzləşir. Maliyyələşmə və tutma yönəldilməsində zəif hüquqi və tənzimləyici mühit, habelə kreditorlar üçün gələcəyə münasibətdə proqnozlaşdırmada olan problemlər, məhsuldar aktivlərdən istifadə imkanlarının məhdud olması kiçik və orta sahibkarlıq (KOS) üçün əlverişli olmayan mühitin formalaşmasına gətirib çıxarır.
Kredit infrastrukturu maliyyəyə asan və effektiv çıxışı, sabitliyi və sosial məsuliyyətli iqtisadi inkişafı təmin etməyə imkan verən qanunvericilik və təsisatların vəhdətidir. Daşınar əmlakın yüklülüyü və kreditorların/borcluların hüquqları sistemi kredit infrastrukturunun əsas elementləridir. Kredit infrastrukturunun olmaması və ya zəif olması mühüm risklərə gətirib çıxarır və maliyyə institutlarının öz maliyyə məhsul və xidmətlərinin genişləndirməsi imkanlarına çətinliklər yaradır.
Daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirmə çərçivəsinin mövcudluğu maliyyə təşkilatlarının xidmət göstərilməyən, az xidmət göstərilən təbəqəyə və KOS-ları dəstəkləmək niyyətini gücləndirir.
Son illərdə Azərbaycan, Belarus, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Tacikistanda daşınar əmlakın yüklülüyü sahəsində bir sıra islahatlar həyata keçirilmişdir və bir çox islahatlar hələ də həyata keçirilməkdədir. Özbəkistan, Belarus və Qırğızıstan tam elektron bildiriş-əsaslı reyestri işə salan ilk ölkələrdir və bir sıra ölkələr (Azərbaycan, Özbəkistan misal ola bilər) UNCITRAL Rəhbər Müddəaları və Model qanuna uyğun tam əhatəli qanunvericilik islahatlarını həyata keçirmək üzərində işləməkdə davam edirlər.
UNCITRAL Rəhbər Müddəalarının daşınar əmlakın yüklülüyü sahəsində “qızıl standartlar” kimi qalmaqda davam etməsinə baxmayaraq, mülki hüquq (qitə hüquq sistemi) ənənələrinə malik olan ölkələr həmin müddəaların bütün sütunlarını tətbiq etməkdə müəyyən çağırışlarla (çətinliklərlə) üzləşirlər. Daşınar əmlakın yüklülüyü sahəsində, xüsusilə də hüquqi aspektlər və kreditorlar arasında üstünlüyün müəyyən edilməsində müəyyən suallar və narahatlıqlar mövcuddur.