Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub. Mərkəzdən “APA-Economics”ə verilən xəbərə görə, İİTKM-in İçraçı direktoru Vüsal Qasımlı Nobel mükafatçısına Azərbaycan iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, aparılan islahatlar və milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verib.
E. Preskott Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək ölkənin müstəqil siyasət yürütməsinə önəm verdiyini qeyd edib. Sonra müzakirələr Azərbaycan iqtisadiyyatı ilə yanaşı, başlıca qlobal iqtisadi trendlər, həmçinin ABŞ, Aİ və Yaponiya iqtisadiyyatlarında baş verən proseslər istiqamətində davam etdirilib. Görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov da iştirak edib.
Yekunda E. Preskott Azərbaycan iqtisadçıları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, E. Preskott Finn Kidləndlə birlikdə dinamik makroiqtisadiyyat sahəsində apardığı tədqiqatlara görə 2004-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.