SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci il üzrə satışların həcmini açıqlayıb.
“APA-Economics” şirkətin ötən il üzrə aylıq gəlir cədvəlinə istinadən xəbər verir ki, hesabat dövründə şirkətin satışdan gəlirləri 7 mlrd. 435 mln. 836,479 min lirə (hazırkı məzənnə ilə 3 mlrd. 372 mln. 895,426 min manat) olub. Bu 2016-cı il ilə müqayisədə 60% çoxdur.
Aylıq gəlir cədvəlinə nəzər salanda məlum olur ki, şirkətin ölkə daxilində satışdan əldə etdiyi gəlirlərində artım qeydə alınıb. Belə ki, "Petkim" ötən il Türkiyədə 4 mlrd. 685 mln. 843,687 min lirəlik məhsul satıb ki, bu da 2016-cı l ilə müqayisədə 44% çoxdur.
“Petkim Holding”in ölkə xaricində satışdan gəlirlər 98,9% artaraq 1,365 mlrd. lirədən 2,715 mlrd. lirəyə çatıb.
Xatırladaq ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik 3,6 mln. ton istehsal gücünə malikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu gün üçün müəyyən etdiyi məzənnəyə görə 1 Türk lirəsi 0,4536 manata bərabərdir.