Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Rusiya iqtisadiyyatı sosial şəbəkələrə görə 281,7 mlrd. rubldan 311,5 mlrd. rubladək (10 mlrd. ABŞ dolları) itirib. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu hesablamaları Rusiyanın FBK audit və konsaltinq şirkətinin mütəxəssisləri aparıblar.
Mütəxəssislər hesab edirlər ki, Rusiya vətəndaşlarının əksəriyyəti iş vaxtı «Facebook», «VKontakte» və bu kimi sosial şəbəkələrdən istifadə edir, iş vaxtının əksəriyyətini məhz buna sərf edir. Nəticədə, iş vaxtı əsas işi ilə məşğul olmadığına görə, ölkə iqtisadiyyatı zərər çəkir. Burada söhbət işçinin sosial şəbəkədə keçirdiyi vaxtın işəgötürən tərəfindən ödənilməsindən gedir. Eyni zamanda, bu, əmək məhsuldarlığının azalmasına da təsir göstərir.
Analitiklərin hesablamalarına görə, 2012-ci ilin sonunda Rusiyada sosial şəbəkələrdən istifadə edənlərin sayı 51,8 mln.-a yaxınlaşıb və orta hesabla hər bir istifadəçi sosial şəbəkələrdə, o cümlədən iş vaxtı gündə 25,6 dəqiqə keçirib (ayda - 12,8 saat). Sosial şəbəkədə hər bir aktiv işçi tərəfindən ildə 3 187,2 dəqiqə və ya 53,1 saat iş vaxtı itirilib.
Mütəxəssislərin fikrincə, nəticədə, Rusiya iqtisadiyyatı ən azı 281,7 mlrd. rubl, maksimal isə 311,5 mlrd. rubl itirib.
Hesablamalar göstərir ki, sosial şəbəkələrdə istifadə edənlərdən ölkə iqtisadiyyatına ən çox zərər vuran maliyyə, daşınmaz əmlak, kirayə və xidmətlərin təqdim edilməsi, təhsil, sığorta sahələrində çalışan işçilər, həmçinin məmurlar olub.
Müqayisə üçün bildirək ki, analoji səbəbdən ABŞ iqtisadiyyatı ildə 650 mlrd. dollar itirir.