Dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi 2014-cü ildə də məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edəcək.
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı»nda deyilir.
Bəyanata əsasən, tədiyyə balansının profisiti manatın məzənnəsinə təsir edən başlıca makroiqtisadi amil olacaq. Məzənnə siyasəti həyata keçirilərkən qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması hədəfləri də nəzərə alınacaq. Real effektiv məzənnənin əlverişli səviyyədə qalması üçün Mərkəzi Bank daxili inflyasiyanın tərəfdaş ölkələrdəki inflyasiya səviyyəsindən aşağı olmasına çalışacaq.
AMB-də makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin bir neçə variantda tətbiqinin ssenariləri hazırlanıb. Gələn il ərzində qiymət artımının proqnozu üstələmək riski yarandığı təqdirdə, zəruri antiinflyasiya tədbirləri görüləcək. Faktiki inflyasiyanın proqnozdan aşağı olması halında və ya qeyri-neft sektorundakı iqtisadi artım üçün risk yarandıqda isə pul siyasətinin yumşaldılması imkanları diqqətdə saxlanacaq.
Ümumilikdə, 2014-cü il üçün təkrəqəmli aşağı inflyasiya makroiqtisadi siyasətin məqbul hədəfidir. Bunu nəzərə alaraq, Mərkəzi Bank hökumətin inflyasiya üzrə proqnozlarının gerçəkləşməsinə pul siyasəti vasitəsilə zəruri dəstək verəcək. Bunun üçün AMB sərəncamında olan tənzimləmə alətlərindən istifadə edərək baza inflyasiyaya təsir göstərməyə çalışacaq. Dövlət tərəfindən tənzimlənən tarif və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası, habelə tərəfdaş ölkələrdə qiymətlərin səviyyəsi və valyuta məzənnələri 2014-cü ildə inflyasiyaya təsir edən əsas amillərdir. Bu amillər, habelə pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük qabiliyyəti nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi Bank hökumətlə birlikdə adekvat tənzimləmə tədbirləri həyata keçirəcək.
Ortamüddətli dövrdə və 2014-cü ildə Azərbaycanın tədiyyə balansında profisitin qalacağı gözlənilir. Mərkəzi Bankın proqnozlarına görə, 2014-cü ildə də tədiyyə balansının cari əməliyyatlar hesabında əhəmiyyətli profisitin olacağı (ÜDM-in 15%-i qədər) və valyuta ehtiyatlarının artmaqda davam edəcəyi gözlənilir. Əlverişli xarici iqtisadi mövqe şəraitində nəzərdə tutulan sosial-iqtisadi siyasət növbəti ildə də ölkədə iqtisadi artımı təmin edəcək. İqtisadi artımın aparıcı amili daxili tələb qalsa da, şaxələnmə strategiyası qeyri-neft sektorunun ixracını genişləndirməklə xarici tələbin də iqtisadi artımda fəallaşmasını tələb edir.
Proqnozlara görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım tempi 5,2% təşkil edəcək və dünya və MDB üzrə orta artım tempini 2-2,5 faiz bəndi üstələyəcək. Növbəti ildə də qeyri-neft sektorunda ikirəqəmli artım gözlənilir. Daxili investisiya fəallığının formalaşmasında dövlət investisiyaları mühüm rol oynayacaq. Məşğulluğun yüksəlməsi, əhalinin real gəlirlərinin artması və istehlak kreditləri istehlak tələbinin müsbət dinamikasını dəstəkləyəcək. Daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. İxracyönümlü inkişaf modeli ticarət sektorunun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur. Bunun ən vacib şərtlərindən biri makroiqtisadi dayanıqlıq və sabitlikdir. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması yeni strateji çağırışlara tam adekvatdır.
Belə olan halda ortamüddətli dövrdə bu şərtlərin tədricən həyata keçməsi daha çevik məzənnə rejiminin tətbiqi imkanlarını artıracaq. Çevik məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində təsir imkanlarının artmasının mühüm şərtidir. Lakin bunun üçün iqtisadiyyatın maliyyə dərinliyinin artması, faiz dərəcəsinin iqtisadiyyata ötürücülüyünü təmin edən müvafiq makroiqtisadi və struktur amillərin formalaşması zəruridir.
Bütövlükdə, Mərkəzi Bank 2014-cü ildə pul siyasətini iqtisadi artım və qiymət sabitliyi arasında effektiv şəkildə tarazlaşdırmağa çalışacaq, habelə maliyyə sektorunun hərarətini də tənzimləyəcək. Bununla belə, inflyasiyanın səviyyəsi ən başlıca hədəf kimi çıxış edəcək. Eyni zamanda son qlobal meyllərə uyğun olaraq pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması təmin olunacaq.