"Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən ölkə daxilində istehsal olunan bütün mal və xidmətlərin qiymət dəyişməsini əks etdirən ÜDM deflyatoru keçən il ərzində 16% təşkil edib".
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
Sənəddə bildirilib ki, ötən il ərzində istehsalçı qiymətləri indeksi sənaye məhsulları üzrə daha çox dəyişib: "Ötən ilin müvafiq dövrünə nəzərən sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 36,8% artıb. Qiymət dəyişməsi daha çox mədənçıxarma sənayesində və elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində qiymətlərinin yüksəlməsi (müvafiq olaraq 36,5% və 53,9%) ilə bağlıdır".
Belə ki, bahalaşma neft-qaz hasilatında 36,6%, metal filizləri hasilatında 13,6% təşkil edib. Qiymət artımı emal sənayesi üzrə 30,3% təşkil edib. Sahə üzrə ən çox bahalaşma tütün məmulatları 43,9%, toxuculuq sənayesi 40%, neft emalı 40%, kimya sənayesi 30,9%, metallurgiya və metal məmulatlarının istehsalı 38,3%, avtomobil və qoşquların istehsalı sənayesinin payına düşüb.
Ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 11,9%-lik artım müşahidə olunub ki, bu da daha çox heyvandarlıq məhsullarının bahalaşması 13,5% hesabına baş verib.
Belə ki, dövr ərzində mal əti 24,5%, qoyun əti 12,6% və quş əti 19,7% bahalaşıb. Eyni dövrdə qiymətlər meşə təsərrüfatı məhsulları üzrə 6,4%, balıq və sair balıqçılıq məhsulları üzrə isə 1,3% artıb. İl ərzində bitkiçilik məhsulları 10,6% bahalaşma müşahidə edilib ki, bu da daha çox idxal meyvə-tərəvəzdə baş verən qiymət artımı ilə əlaqədar olub.
İl ərzində nəqliyyat xidmətlərinin tarifləri 6,9% yüksəlib ki, bu da əsasən yükdaşıma xidmətləri üzrə qiymətlərinin 7,6% artması ilə izah olunub. Sərnişindaşıma xidmətinin qiymətləri 6,8% artsa da, rabitə və poçt xidmətlərinin qiymətlərində dəyişiklik baş verməyib.