Bakı. Musa Əhmədov - APA-Economics. "Ziraat Bank Azərbaycan" ASC-nin qurulması ilə bağlı I mərhələ yekunlaşıb".
Bunu "APA-Economics"ə açıqlamasında bankın İdarə Heyətinin sədri Avni Demirci deyib.
A. Demirci əlavə edib ki, birinci mərhələ yekunlaşdığından bank müştərilərinin qəbuluna başlayıb.
"Ümumilikdə bankın qurulması prosesi iki mərhələdən ibarət olacaq. Birinci mərhələ bitdiyindən biz ikinci mərhələyə start vermişik. İkinci mərhələnin tez bir zamanda yekunlaşmasına tələsmirik. İndi bankçılıq proqramını qururuq. "Ziraat Finans" Qrupu beynəlxalq bir brenddir. Bu brendin tələblərini Azərbaycan qanunları ilə uyğunlaşdıraraq burada bir infrastruktur qurmaq istəyirik. Dinamik bir təməlimiz var. Bu təməli gündən- günə inkişaf etdirəcəyik", - deyə A. Demirci bildirib.
Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" gələn ildən etibarən yeni filiallarını istifadəyə verməyi planlaşdırır. Gələn ilin birinci yarısında bank Bakıda daha bir filial açmağı planlaşdırır, 2016-cı ilin sonuna qədər isə 3-cü filialın istifadəyə verilməsi gözlənilir.
A. Demirci əlavə edib ki, “Ziraat Bank Azərbaycan"ın Azərbaycanda lisenziyası ləğv olunan və ya müflis elan edilən banka məxsus əmlakı almaq niyyətində deyil: “Bu tamamilə iqtisadi qərardır. Köhnəni almaqla, yenisini qurmaq arasında qiymət fərqi olarsa, bu təqdirdə dəyərləndirmə apararıq. Biz indi xidmət verdiyimiz yerləri müəyyənləşdirdik, bu istiqamətdə irəliləyirik".