Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün ticarət əməliyyatları zamanı avronun dollara nisbətən məzənnəsi rekord səviyyədə aşağı düşüb.
“APA-Economics” “Financial Times” qəzetinə istinadən xəbər verir ki, avronun məzənnəsinin aşağı düşməsinə Avropa Mərkəzi Bankı tərəfindən yumşaldıcı tədbirlərin həyata keçirilməsinin mümkünlüyü fonunda sərmayədarların ehtiyatlılığı və Yunanıstanın Avropa məkanından çıxma ehtimalına bazarın reaksiyası səbəb olub.
Nəşrdə qeyd olunur ki, ABŞ dolları Yaponiya ieni istisna olmaqla, əksər valyutalara nisbətdə möhkəmlənib. Nəticədə dollar indeksi son 9 ildə ən yüksək səviyyəyə çatıb. Avropa valyutası isə öz növbəsində bu müddət ərzində ən pis nəticə nümayiş etdirib. Belə ki, avronun dollara nəzərən məzənnəsi 1,2% azalıb. İndi 1 avro 1,1864 dollar təşkil edir ki, bu da 2006-cı ilin mart ayından bəri ən pis göstərici sayılır.