Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iyunun 8-də "Sputnik" informasiya agentliyinin Gürcüstan xidmətinə (sputnik-georgia.ru) və "Gürcüstan Xəbərləri" (apsny.ge) internet portalına müsahibə verib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev müsahibəsində son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya layihələrindən bəhs edərək, ölkəmizdə gömrük işinin müasir dünyanın çağırışlarına cavab verəcək şəkildə həyata keçirildiyini bildirib. İnformasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayan A. Əliyev "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər layihələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib.
Gürcüstan-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq əlaqələrinin gömrük işi sahəsində də uğurla davam etdirildiyini bildirən DGK sədri, iki ölkə arasında sərhədkeçmə prosesinin sürətli və etibarlı şəkildə həyata keçirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.