Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin dekabrın 1-nə 15 312 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 879,3 mln. manat və ya 23,16% çoxdur. O cümlədən, oktyabr ayı ilə müqayisədə noyabrda depozitlərin həcmi 485,3 mln. manat və ya 3,27% artıb.
Depozitlərin tərkibində 7 086,4 mln. manatı və ya 46,27%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin dekabrın 1-nə nisbətən 666,8 mln. manat və ya 10,39% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin dekabrın 1-nə 8 225,6 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 212,5 mln. manat və ya 36,79% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 131,4 mln. manatı və ya 50,23%-i maliyyə təşkilatların depozitlərinin, 4 094,2 mln. manatı və ya 49,77%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.