Bakıda Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib
# 01 iyun 2015 13:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda London şəhərinin Lord meri Alderman Alan Yarrounun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, xidmət, bank, maliyyə, sığorta və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin, eləcə də London qiymətli kağızlar birjasının nümayəndələri iştirak ediblər.

İşgüzar görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb: “Azərbaycan və Böyük Britaniya iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Böyük Britaniya şirkətləri Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə fəal iştirak edir, qeyri-neft sektoruna investisiya yatıran əsas ölkələrdəndir. Azərbaycanlı gənclər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Böyük Britaniya universitetlərində təhsil alırlar”.

Ş. Mustafayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. O bildirib ki, Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana bu səfəri də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın yaradılmasının ölkələr arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətli olacağı vurğulanıb, hazırda komissiyanın tərkibinin formalaşdırılması istiqamətində işlərin aparıldığı qeyd edilib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını bildirib.

A. Yarrou Azərbaycana səfərindən məmnunluğunu bildirib, Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin uğurla davam etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. O, Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatın diversifikasiyası sahəsində əldə etdiyi uğurları müsbət qiymətləndirib.

İşgüzar görüş çərçivəsində maliyyə bazarı, investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, bu məsələlərin Hökumətlərarası Komissiyanın fəaliyyətində əsas istiqamətlərdən ola biləcəyi qeyd edilib.

Sonra Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib, Böyük Britaniya şirkətləri isə fəaliyyətləri barədə məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR