Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7% artaraq 27,1 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2 959,4 manat və ya ayda 295,9 manat təşkil edib. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, hər nəfərə düşən gəlirin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,9 faiz bəndi üstələyərək 12,2% olub.
Əhalinin sərəncamında qalan gəlir 24,8 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14,0% artıb. Gəlirlərin 63,4%-i son istehlaka, 8,4%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 26,5%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Qeyd edək ki, beləliklə, Azərbaycan əhalisi 10 ay ərzində 7,2 mlrd. manat və ya ayda 720 mln. manat həcmində pul yığımı edə bilib. Eyni zamanda son istehlaka, yəni mal və xidmətlərin alınmasına bundan təxminən 2,4 dəfə artıq vəsait xərclənilir. Ümumilikdə isə gəlirlərin 63%-nin istehlaka, 27%-nin yığıma yönəldilməsi makroiqtisadi təhlildə qəbul edilən normalarla yaxşı göstərici hesab oluna bilər. Son illər üzrə gəlir və xərclərin nisbi təhlili göstərir ki, gəlirlərin həcmi mal və xidmətlərin alınmasına yönəldilən xərcləri təxminən 40-42% üstələyir, lakin bu üstələmə tam həcmdə yığıma yönəldilə bilməz, çünki burada, göstərildiyi kimi, vergilərin, kreditlərin və bu kimi məsrəflərin ödənilməsi zərurəti də nəzərə alınmalıdır.