Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 170,4 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,7% və ya 16,5 manat çox əmtəə alıb.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 42,1%-dən 46,6%-dək yüksəlib.
Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 20,1% artaraq 1 488,8 mln. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 94,1%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 53,4% təşkil edərək 1 704,5 mln. manata bərabər olub və 2013-cü ilin yanvar-fevral aylarının səviyyəsini 0,9% üstələyib.
Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 91,0 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 79,4 manatlıq qeyri-ərzaq malları alıb. Ötən ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,7 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 1,8 manata bərabər olub.