Bakı. Musa Əhmədov - APA-Economics. Gürcüstanın Milli Statistika Bürosu bu ölkəyə birbaşa yatırılan xarici investisiyaların həcmini açıqlayıb.
“APA-Economics” Gürcüstan Milli Statistika Bürosuna istinadən xəbər verir ki, bu ilin I rübündə qonşu ölkəyə 175 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 34% azdır.
Gürcüstana yatırılan investisiyanın həcminə görə, ilk üç yerdə Azərbaycan, Türkiyə və Rusiya qərarlaşıb. Belə ki, Gürcüstana birbaşa yatırılan xarici investisiyaların 24%-i Azərbaycanın, 15%-i Türkiyənin və 13%-i Rusiyanın payına düşür.
Milli Statistika Bürosunun məlumatına görə, Gürcüstana birbaşa yatırılan sərmayələrin əksəriyyəti nəqliyyat və rabitə, tikinti və mədənçıxarma sahəsinin payına düşüb.