Bakı. Musa Əhmədov – APA-Economics. Aprel ayının 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.
AİF-dən “APA-Economics”ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,6500 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Qeyd edək ki, bu istiqrazların yerləşdirilməsinə yanvarın 13-dən başlanılıb və hərraca bu günədək 3 mln. manat həcmində istiqraz yerləşdirilib.