Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) plenar iclasında deputatlar 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayıb.
APA-nın məlumatına görə, deputat, xalq artisti Zeynəb Xanlarova iclasda iştirak edən hökumət üzvlərinə sual verib: “Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?”
MM-in sədri Oqtay Əsədov isə deyib ki, deputatların suallarına onların çıxışları yekunlaşandan sonra hökumət nümayəndələri tərəfindən cavab veriləcək.
YAP icra katibinin müavini Mübariz Qurbanlı ipotekaya ayrılan vəsaitin artırılmasını təklif edib. O, ölkənin müxtəlif yerlərində yerli-yersiz hasarlamalar olduğunu vurğulayıb: “Düzdür, bəzən hasarlar lazım olur, amma ehtiyac olmadan da hasarlar çəkilir. Hesablama Palatası və digər qurumlar buna diqqət yetirməlidir”.
Deputat Zahid Oruc bildirib ki, səhiyyə kimi vacib sahəyə 2013-cü ildə büdcə artımının cəmi 0,5%, digər sahələrə 5-10% olması düz deyil. Onun fikrincə, səhiyyə tədqiqatına 4,2 mln. manat ayrılması da çox azdır. Ölkədəki müəllim sayının lazım olduğundan çox olduğunu deyən Z.Oruc da ipoteka kreditlərinin artırılmasının zəruri olduğunu söyləyib. O, 2013-cü il dövlət büdcəsinə Dağlıq Qarabağla bağlı maliyyələşmə üzrə ayrıca bənd salınmasının da zəruri olduğunu bildirib.
BQP başqanı Fazil Mustafa da M.Qurbanlı kimi müxtəlif yerlərin hasarlanmasını tənqid edib. O deyib ki, həmin lazımsız hasarlara xərclənən vəsait hesabına müəllimlərin və səhiyyə işçilərinin maaşını artırmaq olardı: “Məşhur “Sevil” əsərində Balaş özünün köhnə paltarlı valideynlərini cəmiyyətdən gizlədir. Sanki biz də hasarlarla kasıbları gizlədirik”.
Müzakirələr davam edir.