Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 61,132 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 13,4% çoxdur.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 15,7% artaraq 8,076 mln. manata çatıb.
Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 13,6% artaraq 55,161 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 70% artaraq 11,914 mln. manat, qeyri-həyat sığortası üzrə 4,1% artaraq 43,247 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 13,2% artaraq 5,971 mln. manat olub.
Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (27,582 mln. manat), «Həyatın yaşam sığortası» (11,063 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (5,506 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (3,797 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (3,334 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,863 mln. manat), «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (1,793 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (1,303 mln. manat) növləri üzrə toplanılıb.
Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 0,770 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,3 dəfə çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 8,9% artaraq 4,908 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 26,7% artaraq 5,678 mln. manata çatıb, icbari sığorta növləri üzrə isə 2,2% azalaraq 2,398 mln. manata düşüb.
Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (2,388 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (2,045 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (1,726 mln. manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.