Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanla Çexiya arasında maliyyə, sənaye, kənd təsərrüfatı, səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. “APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Çexiya hökumətləri arasında keçirilən II qarışıq komissiyanın iclasında Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini, Azərbaycan-Çexiya hökumətlərarası komissiyanın həmsədri Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, indi Azərbaycanda 13 Çexiya kapitallı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Çexiya tərəfindən Azərbaycanda əsas kapitala 1 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb. O qeyd edib ki, Azərbaycan Çexiya ilə kənd təsərrüfatı, səhiyyə və mədəniyyət sahəsində geniş əməkdaşlıq edir. “Bu illər ərzində iki ölkə arasında bir sıra seminarlar, sərgilər və biznes forumlar keçirilib. Bu gün hökumətlərarası sahədə keçirilən iclasdan sonra növbəti biznes forum baş tutacaq. Bugünkü görüş də iki ölkə arasında daha geniş imkanlar yaradacaq”, - deyə nazir müavini əlavə edib.
Nazir müavini qeyd edib ki, iki ölkə arasında beynəlxalq yükdaşımalara dair saziş layihəsi razılaşdırılma mərhələsindədir.
N. Səfərov Çexiya nümayəndə heyətinə Azərbaycanın həyata keçirdiyi neft-qaz layihələrindən ətraflı məlumat verib. O, TANAP və TAP layihələrindən, Azərbaycanın telekommunikasiya peykinin imkanlarından ətraflı danışıb. Qeyd edib ki, yaxın illərdə daha iki peykin orbitə buraxılması həyata keçiriləcək.
Daha sonda nazir müavini bildirib ki, Azərbaycan-Çexiya münasibətləri yüksəlişə doğru inkişaf edəcək.
Çexiyanın sənaye və ticarət nazirinin İrji Qavlişek bildirib ki, bu cür görüşlər iki tərəf arasında əməkdaşlığa müsbət təsir edəcək. Nazir müavini Çexiya iqtisadiyyatı haqqında ətraflı məlumat verib. O bildirib ki, son illər Çexiya böyük maliyyə böhranı keçirib. İ.Qavlişek Çexiyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini söyləyib. Onun fikrincə, bu komissiyanın fəaliyyəti ölkələrimiz arasında əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli rol oynayacaq: “Azərbaycanla ikiqat vergitutma, vergi cinayətlərinin müəyyən edilməsi, turizm sahəsində komissiya tərəfindən razılaşmalar əldə olunub".
Çexiyalı nazir müavini qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi ilbəil artır: “Düşünürük ki, bu rəqəm daha da artmalıdır və biz bunu üçün əlimizdə gələni etməliyik. Biz ölkələrimizin potensialından tam olaraq istifadə etmirik. Bu gün Çexiya Azərbaycanda hesablama texnikası məhsulları, nəqliyyat vasitələri, elektrik malları və digər sənaye məhsulları idxal edir. Azərbaycandan isə Çexiyaya neft məhsulları, onun avadanlıqları aparılır”.
İ. Qavlişek bildirib ki, Çexiya Azərbaycanla iqtisadi zonalarının yaradılması sahəsində təcrübəsini bölüşə bilər: “Ölkəmiz sənaye parklarının yaradılması sahəsində böyük təcrübəyə malikdir və bu sahədə təcrübə mübadiləsi apara bilərik”.
Sonda Azərbaycan və Çexiya Hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın II iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri N. Səfərov və İ. Qavlişek imzalayıblar. Protokola əsasən, ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta biznesin və sənayenin inkişafı, energetika, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, səhiyyə, turizm, səhiyyə , ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub.