Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İsveçrənin federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri, nazir Yohan Şnayder-Ammanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İsveçrə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib.
Ş.Mustafayev Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, ölkələrin arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-İsveçrə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu və Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də ölkələrin arasında əlaqələrin genişlənməsində önəmli rol oynayır: “Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektoruna İsveçrə şirkətləri tərəfindən 87,7 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Bu sahədə İsveçrənin “Holcim” şirkətinin fəaliyyəti xüsusilə qeyd edilməlidir. Azərbaycan şirkətləri də İsveçrə iqtisadiyyatına maraq göstərirlər. Belə ki, ARDNŞ indiyədək İsveçrəyə 380 ml. İsveçrə frankı həcmində investisiya qoyub. Hazırda şirkətin bu ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin yanvar-fevral aylarında İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artıb”.
Ş.Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb və bu baxımdan iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. İki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri də İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıqdır. Regional layihələr də daxil olmaqla, SECO tərəfindən Azərbaycanda 25 layihə həyata keçirilib ki, bunlardan 17-nin icrası başa çatdırılıb. Ötən ildə SECO tərəfindən 4 yeni layihənin icrasına başlanıb.
Y.Şnayder-Amman ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu, Azərbaycan və İsveçrə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirib. İsveçrəli nazir iş adamlarını bu potensialdan yararlanmaqla işgüzar əlaqələri daha da genişləndirməyə dəvət edib.