Bakı. Musa Əhmədov - APA-Economics. Gələn il Azərbaycanda ipoteka kreditləşməsi prosesinin sadələşdirilməsi məqsədilə “Elektron ipoteka” sisteminin imkanlarından istifadə ediləcək.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatda deyilir.
Məlumata görə, vətəndaşların ipoteka kreditlərinə elektron müraciət imkanı yaradılacaq: “İpoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində fəaliyyət 2015-ci ildə də davam etdiriləcək. Bu istiqamətdə öyrənilmiş dünya təcrübələri əsasında hökumətlə birlikdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanlarına baxılacaq. Sosial ipotekanın əhatəsinin genişləndirilməsi də mühüm prioritetdir”.
Eyni zamanda, adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması, ipoteka kreditləri üzrə zəmanət mexanizminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək.