Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda “Vergi bankomatları” istifadəyə verilə bilər.
“APA-Economics”in “Vergilər” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan Vergilər Nazirliyinin təmsilçilərinin ötən ilin sonlarında Çinə səfəri zamanı aktual mövzulardan biri də vergi ödəyicilərinə xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində tətbiq olunan innovasiyalar idi.
Çinin bir sıra qabaqcıl vergi administrasiyalarında tətbiq olunan “Özünəxidmət vergi terminalları” vergi ödəyicilərinin vaxtına qənaət və səmərəliliyin artırılması baxımından xüsusi rol oynamaqdadır. “Vergi bankomatları” deyilən bu qurğular, əsasən, vergi orqanlarının xidmət mərkəzlərində, ticarət və biznes mərkəzlərində, o cümlədən insanların sıx olduğu yerlərdə yerləşdirilir və demək olar ki, xidmət mərkəzlərinin təklif etdiyi bütün xidmətləri təqdim edir. Terminal Çində istehsal olunub. Yoxlanılan səmərəlilik nəticəsində həmin terminallar beynəlxalq bazarlarda da özünə yol açmağa başlayıb. “İnspur” markalı terminallar Rumıniya, Macarıstan, Səudiyyə Ərəbistanı və s. kimi ölkələrin vergi orqanlarında uğurla istifadə olunmaqdadır.
Vergi ödəyiciləri vergi bankomatları vasitəsilə müstəqil şəkildə vergi bəyannamələrinin, vergi hesabatlarının təqdim olunmasını, vergi bəyannamələrinə düzəlişlərin edilməsini, vergilərin, sanksiyaların nağd pulla yanaşı plastik kartlarla (“VISA”, “MasterCard”, “Maestro”) ödənilməsini, vergi qanunvericiliyi və digər məlumatların əldə olunmasını həyata keçirə bilərlər. Ödəniş qəbzlə bərabər, mobil telefona daxil olan qısa mesajla da təsdiq olunur. Terminallar xidmət mərkəzlərində iş yükünü azaltmaqla yanaşı, qeyri-iş saatlarında da vergi ödəyicilərinə xidmət göstərir. Əldə olunmuş təcrübələrə əsasən, terminallar istifadəçilərin məmnunluq səviyyəsinin artırılmasına və könüllü əməletmə səviyyəsinin yüksəlməsinə əlverişli zəmin yaradır.
Vergi bankomatları xüsusi vergi xidmət kartları ilə və ya kartsız istifadə olunur. Kartla istifadəsinə qərar olduqda, həmin kart ödəyicilərə vergi orqanında qeydiyyatdan keçirilərək pulsuz verilir. Kartlar elektron və ya xidmət mərkəzlərində sifariş oluna bilər.