Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda avtomobillərin könüllü sığortalanması ilə bağlı yeniliklər olub.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyinin kollegiyası “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nı təsdiqləyib.
Yeni qaydalarda avtomobillərin könüllü (kasko) sığortası ilə bağlı maraqlı yeniliklər nəzərdə tutulur. Ən maraqlı dəyişikliklərdən biri budur ki, bundan sonra sığorta şirkətləri avtomobili taksi kimi istifadə edən sürücülərə sığorta ödənişi verməkdən imtina edə bilməyəcəklər. Söhbət sığortalanan avtomobillərin sonradan başqa məqsədlərlə, məsələn, taksi kimi istifadəsindən gedir. Hazırda qüvvədə olan qaydalara görə, avtomobil sığortalananda onun sahibi maşının hansı məqsədlə istifadə olunacağını sığorta ərizəsində göstərməlidir. Qəza baş verən zaman avtomobilin ərizədə göstərilən məqsədlə istifadə edilmədiyi aşkarlananda sığorta şirkəti ödənişdən imtina edə bilərdi və bir çox müştəriyə sığorta ödənişi verilmirdi.
İndi ödənişdən yalnız o zaman imtina edilə bilər ki, avtomobil təyinatı üzrə istifadə edilməsin. Yəni, minik avtomobilində sərnişinin daşınması isə həmişə təyinat üzrə olduğundan artıq maşının taksi kimi istifadə olunması ödənişdən imtina üçün əsas sayılmayacaq.
Qeyd edək ki, avtomobillərin taksi məqsədilə istifadə olunması sığorta şirkətləri ilə müştərilər arasında ən çox mübahisəyə səbəb olan məsələlərdən biridir.