Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda kommersiya banklarından kredit alan fiziki şəxslərin sayı 31,4% artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) yanvar-aprel aylarının nəticələri ilə bağlı hesabatında bildirilir.
Hesabata əsasən, ilk 4 ayın sonuna MKR-də 1 665 903 borcalan və 599 475 zamin haqda məlumat toplanıb. Borcalanların 9 230-u hüquqi şəxslər, 15 180-i sahibkarlıq subyektləri, 1 641 493-ü fiziki şəxslərdir. Son bir ildə MKR-də borcalan kimi qeydiyyatda olan hüquqi şəxslərin sayı 7,1%, sahibkarlıq subyektlərinin sayı 11,3% artdığı halda, fiziki şəxslərin sayı 31,4%, zaminlərin sayı isə 30,4% artıb.