Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bəzi millət vəkilləri parlament üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər səsləndiriblər.
«APA-Economics»in məlumatına görə, MM-in Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli MM-in komitə sədrlərinə yeni avtomaşınların verilməsini müsbət hal sayıb: «Köhnə maşınlar pis görünürdü. Təzə maşınların ayrılması yanacaq və təmir xərclərinin azaldılmasına da imkan verir».
Millət vəkili Zahid Oruc deputatlar üçün nəzərdə tutulan səhiyyə xərclərinin strukturuna yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, ümumiyyətlə deputatlar üçün icbari tibbi sığortanın tətbiqinə başlanmasının vaxtı çatıb. O bildirib ki, bu həm deputatların tibbi müdafiəsinə imkan verər, həm də ölkədə icbari tibbi sığortanın tətbiqinin başlanğıcı ola bilər.
Bundan sonra söz alan millət vəkili Elmira Axundova isə bu fikri bir qədər də inkişaf etdirərək millət vəkillərinin tibbi və sağlamlığının müdafiəsi sahəsində yeni təkliflər irəli sürüb. O, deputatların tibbi müdafiəsinin gücləndirilməsi məqsədilə özəl və ya xarici klinikalarda aparılan cərrahiyyə əməliyyatları xərclərinin bir hissəsinin parlamentin büdcəsi hesabına ödənilməsini təklif edib. Bundan başqa, deputat MM üzvlərinin idman zallarından istifadə etməsi üçün abunə sisteminin təşkilini təklif edib: «Belə zallara abunə çox bahadır, ona görə də bunun Milli Məclisin hesabına aparılması yaxşı olardı».
Lakin millət vəkili İlham Əliyev bu təşəbbüslərə mənfi yanaşdığını və bu xidmətlərin hamısının Milli Məclisin hesabına ödənilməsini düzgün saymadığını bildirib: «Bəzi xidmətlərin yükünü özümüz çəkməliyik».