Bakı. APA-Economics - Musa Əhmədov. 2014-cü ildə Azərbaycanın sığorta bazarında ödənişlər üzrə bazarın lideri “Paşa Sığorta” şirkəti olub.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
Onun sözlərinə görə, ötən il şirkət 27 mln. manat ödəniş həyat keçirib.
Ödənişlərin həcminə görə sonrakı yerləri “Atəşgah Həyat Sığorta” (24,1 mln. manat), “Atəşgah” (14,9 mln. manat), “Azərsığorta” DSKŞ (13,3 mln. manat), “AXA Mbask” (10,7 mln. manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi ümumi ödənişlərin 57,4%-i (təxminən 90 mln. manat) qədərdir.
Ən az ödəniş edən şirkətlər isə “Əmrah Sığorta” (466 min manat), “İpək Yolu Sığorta” (343 min manat), “Günay Sığorta” (90 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8300 manat) və “Çartis Azərbaycan” (4 700 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 960 min manat olub ki, bu da ümumi ödənişlərin 0,6%-ni təşkil edir.
Ümumilikdə 28 sığorta şirkətlərinin 5-də sığorta ödənişlərinin məbləği 10 mln. manatdan artıq, 5 şirkətdə 5-10 mln. manat arasında, 12 şirkətdə 1-5 mln. manat arasında, 6 şirkətdə isə 1 mln. manatdan aşağıdır.
Şirkətlərdən 18-də sığorta ödənişlərinin artımı, 10-da isə azalması baş verib.