Bakı. Ramiz Mikayıloğlu - APA. Dövlət Gömrük Komitəsinin Kollegiyası “Ümumi risklərin idarə edilməsi Qaydaları”nı təsdiq edib və bu qaydalar mayın 14-dən qüvvəyə minib.
APA-nın məlumatına görə, bu qaydalar ümumi risklərin idarə edilməsi üzrə münasibətləri tənzimləyir.
Komitə təhlükələrin təhlili mexanizmini, nəzarət formaların seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini özündə cəmləşdirən risklərin idarə edilməsi sistemini (RİS) avtomatlaşdırır.
Risklərin idarə edilməsi sistemi (RİS) risklərin idarə edilməsi zamanı məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi görülən tədbirlərin həyata keçirilməsi qaydalarıdır. Risk göstəricisi birgə toplandıqda, gömrük qanunvericiliyinə riayət olunmaması ehtimalını yarada biləcək əməliyyatların seçilməsi və hədəflənməsi üçün praktiki alət kimi xidmət edən xüsusi ölçüdür. Risk profilitoplanmış, təhlil və təsnif edilmiş məlumatlar əsasında müəyyən olunmuş risklərin və risk göstəricilərinin toplusunun təsviridir.
Ümumi risklərin idarə edilməsi məlumatların toplanılması, məlumatların təhlili, RİS-in tətbiqi, RİS-in tətbiqinin nəticəsi mərhələlərinə əsasən formalaşır.
Bu mərhələlər bir birini tamamlayır və bir birinin məntiqli nəticəsidir. Risklərin təhlili məlumat mənbələrindən toplanılmış məlumatlar əsasında həyata keçirilir. Gömrük sistemində məlumat mənbələri iki növə bölünür – daxili və xarici məlumat mənbələri. Daxili məlumat mənbələri aparılması nəzərdə tutulmuş, aparılan və əvəllər aparılmış gömrük əməliyyatlarından, gömrük sahəsində aşkarlanmış hüquqpozma faktlarından, Komitə aparatının struktur bölmələrindən və gömrük orqanlarından daxil olan məlumatlardan, risk idarəolunması sisteminin tətbiqinin nəticələrindən, texniki nəzarət vasitələrinin tətbiqindən və müşayiətdən və gömrük orqanlarının təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətinin nəticələrini əks etdirən məlumatlardan ibarətdir.
Xarici məlumat mənbələri açıq, alınması məhdudlaşdırılmış, eləcə də xarici ölkələrdən və beynəlxalq təşkilatlardan alınan məlumatlardan ibarətdir. Açıq və alınması məhdudlaşdırılmış məlumatların əldə olunması Gömrük Məcəlləsi, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər qanunvericilik akları, eləcə də Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Məlumat mənbələri mötəbərliyinin səviyyəsinə görə tam etibarlı, etibarlı, qismən etibarlı, etibarsız və qeyri-müəyyən (təsnif olunmayan) kimi müəyyən olunur. Məlumat mənbələrin mötəbərlik səviyyəsinin dəyişdirilməsi Komitənin risklərin idarə edilməsinə cavabdeh struktur bölmələri (Audit və Risk Analizləri idarəsi və ya Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi) rəhbərlərinin qərarı ilə həyata keçirilir. Məlumatların düzgünlüyünün və mötəbərliyinin yoxlanılması məqsədilə qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində əlavə araşdırmalar həyata keçirə bilər.
Müəyyən olunmuş risk göstəriciləri əsasında ümumi, xüsusi və əməliyyat risk profilləri yaradılır. Ümumi profillər risk göstəricilərinin profillər çərçivəsində topladığı balların müəyyən olunmuş hədlərdən artıq olması əsasında yaradılır. Xüsusi profillər gömrük qanunvericiliyinə riayət edilməməsi halının konkret təsviri əsasında yaradılır. Əməliyyat profilləri məhdud müddət ərzində əldə edilmiş operativ məlumatların gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirən gömrük əməkdaşlarının diqqətinə çatdırılması məqsədilə yaradılır. Komitə aparatının struktur bölmələri öz səlahiyyətləri daxilində müəyyən edilmiş ümumi və xüsusi risk profillərin hazırlanması üçün aidiyyəti üzrə Komitənin Audit və Risk Analizləri idarəsinə və ya Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinə müraciət edirlər. Komitə aparatının müvafiq struktur bölmələri tərəfindən təqdim olunmuş risk profilləri əsaslandırıldıqda bu qaydalarla müəyyən olunan prosedurlara əməl edilməklə 5 gün müddətində qeydiyyatdan keçirilir və nəticələr barədə bu profilləri təqdim edən struktur bölmələri 3 gün müddətində məlumatlandırır.
Yaradılmış ümumi və xüsusi risk profili sınaq mərhələsindən keçirilməlidir. Ümumi və xüsusi risk profilləri üzrə sınağın aparılmasına dair verilən qərarda sınağın keçirilmə yeri, vaxtı, və aparılacaq gömrük əməliyyatları barədə məlumatlar öz əksini tapmalıdır.
Sınaq mərhələsində yüksək dəqiqlik göstərmiş ümumi və xüsusi risk profillərin layihəsini aidiyyəti üzrə komitənin Audit və Risk Analizləri İdarəsi və ya Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi hazırlayaraq təsdiq edilməsi üçün Komitənin sədrinə təqdim edilir. Əməliyyat profilləri tətbiq müddətində məhdudiyyətləri nəzərə alaraq qiymətləndirmə və sınaq aparılmadan Komitənin Audit və Risk Analizləri İdarəsi və ya Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq olunaraq 2 (iki) iş günü ərzində Komitə sədrinə təsdiq edilməsi üçün təqdim edilir. RİS-in tətbiqinin nəticələrinin monitorinqini aidiyyəti üzrə Komitənin Audit və Risk Analizləri İdarəsi və ya Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilir. Komitə aparatının struktur bölmələrindən təqdim olunaraq qeydiyyata alınan profillərin tətbiqinin nəticələri barədə aidiyyəti struktur bölmələri məlumatlandırılır.
Bu qaydalarda nəzərdə tutulmuş məlumatların əldə edilməsi, eləcə də mötəbərlik səviyyəsini müəyyən edən qərarların qəbul edilməsi onların gələcəkdə baş verilməsi faktını və tarixini təsdiq edilməsinə imkan yaradan üsul ilə həyata keçirilməlidir. Bu Qaydalar əsasında yaranan məlumatlar konfidensial məlumatlar kimi təsnif olunur.