Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin aprelin 1-nə 15 941,2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 490,1 mln. manat və ya 28% artıb. O cümlədən, bu ilin mart ayında kredit qoyuluşların həcmi 273,3 mln. manat və ya 1,7% artıb.
Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 510,2 mln. manat və ya ümumi həcminin 40,8%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 789,3 mln. manat və ya 37,9% artıb.
Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,1%-lik payla “İnşaat və əmlak” və 14,3%-lik payla “Ticarət və xidmət” sahələrini qeyd etmək olar.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin martın 1-nə 853,7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 92,9 mln. manat və ya 12,2% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 6,1%-dən 5,4%-dək enib.