Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci il oktyabrın 1-nə 15 343,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 691,1 mln. manat və ya 21,3% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında geniş mənada pul kütləsi 1 440,1 mln. manat və ya 10,4% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 772,1 mln. manat və ya 28,8% artaraq 12 402,4 mln. manata çatıb:
(mln. manat)
|
|
01.10.2011 |
01.01.2012 |
01.10.2012 |
|
M0 (nağd pullar) |
6 465,9 |
7 158,2 |
8 315,4 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
7 809,7 |
8 824,8 |
10 053,6 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
9 630,3 |
10 997,2 |
12 402,4 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
12 652,2 |
13 903,2 |
15 343,3 |
Manat pul kütləsinin genişlənməsi əsasən nağd pul artımı hesabına baş verib. Belə ki, nağd pulların illik artım həcmi 1 849,5 mln. manat təşkil edib ki, bu da ümumi manat kütləsinin artımının 67%-nə bərabərdir. Eyni zamanda, nağdlaşma səviyyəsi illik müqayisədə kiçik həcmdə olsa da azalıb. Belə ki, bu ilin oktyabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 67,0% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,1 faiz bəndi azdır.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən dərəcədə azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5% təşkil edib.