Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 4 371,07 mln. manat və ya 29,5% artaraq 2013-cü il iyunun 1-nə 19 192,00 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin yanvar-may ayları ərzində aktivlərin həcmi 1 548,55 mln. manat və ya 8,8% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu növ kreditlərin həcmi 12 165,5 mln. manat təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 1 607,3 mln. manat investisiyalar, 1 243,8 mln. manat müxbir hesabları, 720,6 mln. manat nağd vəsaitlər, 675,7 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər və 2 779,1 mln. manat digər aktivlərin payına düşür.
Passivlərin tərkibində isə 8 487,1 mln. manat depozitlər, 5 542,6 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 2 389,4 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin strukturunda kapitalın həcmi 2 772,9 mln. manat təşkil edib.