Bakı. Aynur Əliyeva - APA-Economics. Yeni pensiya islahatları konsepsiyası ilə həyata keçiriləcək islahatlar nəticəsində pensiyaların baza hissəsinin strukturu dəyişdiriləcək. “APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Bu gün vətəndaşın 12 il iş stajının olmasını və pensiya yaşına çatıbsa, onun ilk növbədə baza hissəsinə hüququnun yarandığını xatırladan nazir bildirib ki, bundan sonrakı mərhələdə artıq belə olmayacaq.
"Bildiyiniz kimi, bu gün insanların ödədikləri sosial sığorta haqlarının yarısı onların fərdi hesablarında yığılır. Amma pensiya islahatlarından sonra onların tam məbləğdə ora yığılması nəzərdə tutulur. Belə olan halda isə onlar pensiyaya çıxanda öz hesablarına yığdığı vəsaiti pensiyaları üçün istifadə edəcəklər. Həmin şəxsin tez və ya gec pensiyaya çıxması vəsait baxımından heç nəyi dəyişməyəcək. Ancaq vaxtında və ya daha gec çıxarsa, yığılan məbləğ daha aşağı rəqəmə bölünəcək və pensiya məbləği böyük olacaq, amma daha az müddətə bu baş verəcək. Lakin pensiyaya tez çıxarsa, yığılan məbləğ daha çox müddətə bölünəcək və pensiyanın məbləği az olacaq", - deyə S. Müslümov qeyd edib.
S. Müslümovun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırmalar aparılır və beynəlxalq təcrübə öyrənilir. Yekun ümumiləşdirmədən sonra əldə olunacaq təkliflər dövlət başçısına təqdim ediləcək.