Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9% üstələyərək 12,9 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 6,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,8% və 2,9% üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,0%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar-may aylarında istehlak məhsullarının 11,5%-i ticarət müəssisələri, 53,6%-i fərdi sahibkarlar tərəfindən, 34,9%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3%, fərdi sahibkarlar üzrə 2,5%, bazar və yarmarkalar üzrə 0,1% artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 266,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 37,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.