Bank Of Baku

Azərbaycanda potensial market-meykerlər əsasən dövlət qiymətli kağızlar bazarına maraq göstərir

Azərbaycanda potensial market-meykerlər əsasən dövlət qiymətli kağızlar bazarına maraq göstərir
# 16 noyabr 2012 13:11 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) ölkənin fond bazarında market-meyker fəaliyyəti və onun yaratdığı imkanlara həsr olunmuş təqdimat keçirilib.

 

«APA-Economics»in məlumatına görə, ölkənin əsas broker şirkətləri, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və İpoteka Fondunun nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda market-meykerlik anlayışı, onun BFB-də tətbiqi, market-meykerlərə təklif olunacaq tariflər, spredlər və digər şərtlər haqqında məlumat verilib.

 

BFB-nin İdarə Heyətinin sədri Emin Əliyevin sözlərinə görə, market-meykerlik institutunun yaradılması Birjanın əsas strateji məqsədlərindən biridir ki, bu, ölkənin fond bazarında likvidliyin artmasına səbəb olacaq.

 

Təqdimatı keçirən İdarə Heyətinin sədr müavini Vüqar Namazov da bəyan edib ki, market-meykerliyin yaradılması fond bazarında müsbət dəyişikliklərə və ilk növbədə likvidliyin təmin edilməsinə gətirib çıxaracaq. V.Namazov təqdimatında Birja meydançasında market-meykerlər üçün təklif olunan şərtləri, o cümlədən, dövlət və korporativ qiymətli kağızlar üzrə market-meyker əməliyyatları üzrə spredləri, tarifləri, vəsaitlərin qabaqcadan deponetnləşməsinin zəruriliyi və s. şərtləri səsləndirib.

 

Qeyd edək ki, rəsmi anlayışa görə, market-meyker ticarətə buraxılmış qiymətli  kağızların likvidliyinin artırılması öhdəliklərini üzərinə götürmüş dilerdir. Daha dəqiq, market-meyker öz hesabına əməliyyatları aparmaqla qiymətli kağızlar bazarında təklif və tələbatı təmin edir. Tam aydındır ki, Azərbaycanda likvidliyin artırılması ilk növbədə səhmlərin təkrar bazarı üçün lazımdır. Belə ki, səhmlərin təkrar bazarının həcmi ümumi birjanın dövriyyəsinin cəmi 0,12%-ni təşkil edir (2012-ci ilin yanvar-oktyabr ayları üzrə). Bu həm təklifin, həm də tələbatın aşağı olmasının nəticəsidir. Təqdimatın davamı olaraq müzakirələrdə isə iştirakçıların maraq dairəsində əsasən dövlət qiymətli kağızları olub. Lakin vurğulamaq lazımdır ki, not, dövlət istiqrazları və ipoteka istiqrazlarının birja dövriyyəsində payı 92%-dir. Həmçinin, burada daim artım müşahidə olur və investorlar tərəfindən tələbat yüksək səviyyədədir. Bunun səbəblərindən biri kimi repo-əməliyyatlarını qeyd etmək lazımdır, çünki banklararası və bank-Mərkəzi Bank arasında qısamüddətli kreditin bir növü olan bu əməliyyatlar dövlət qiymətli kağızlarının likvidliyini yüksək səviyyəyə qaldırıb. Korporativ istiqrazlar seqmentində də likvidliyin aşağı olmadığını qeyd etmək olar ki, bunun da əsas səbəbi istiqrazların emitentləri tərəfindən geri alınma prosesinin aparılması ilə bağlıdır. Beləliklə, market-meykerliyin yaradılmasının əsas hədəfi səhm bazarı olmalıdır ki, burada təkrar bazarda canlanma yaransın. Eyni zamanda aydındır ki, burada market-meykerliyə maraq aşağı olacaq, çünki broker şirkəti səhmlərin alınması üzrə öhdəlikləri üzəriilərinə götürməkdən ehtiyatlanacaq.

 

V.Namazovun fikrincə, BFB tərəfindən market-meykerliyin bazar iştirakçılarına təqdim edilməsi çərçivəsində bütün alətlər üzrə əməliyyatlar təklif olunur. Səhmlərə gəldikdə isə, Birja nümayəndəsi səhm bazarının inkişafına inandığını və burada market-meykerlik institutunun gələcəkdə fəal olacağını bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR