Bakı. APA-Economics – Musa Əhmədov. 2014-cü ildə Azərbaycanda sığorta haqlarının 324,2 mln. manatı və ya 75,5%-i qeyri-həyat sığortasının payına düşüb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən il ilə müqayisədə qeyri-həyat sığorta bazarı 12,7 mln. manat və ya təxminən 3,8% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 22%-i və yaxud 71,3 mln. manatı tibbi sığortanın, 21,7%-i və ya 70,3 mln. manatı avtomobillərin icbari sığortasının, 11,7%-i və ya 37,8 mln. manatı kasko sığortanın, 11,2%-i və ya 36,4 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 17,4 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
2014-cü ilin 12 ayında sığorta bazarındakı ödənişlərin 81,8%-i və ya 128,55 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilə nisbətən 9,6 mln. manat və ya təxminən 8,1% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,5%-i və ya 48,1 mln. manatı tibbi sığortanın, 22,2%-i və ya 28,6 mln. manatı kasko sığortanın, yəni 23,5%-i və ya 30,2 mln. manatı avtomobillərin icbari sığortasının, 5,9%-i və yaxud 7,6 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,9%-i və ya 2,4 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici 2013-cü ildə 35,3 manat olub.