Bakı. Musa Əhmədov – APA-Economics. “Era Trans Sığorta” ASC-nin lisenziyası ləğv edilib.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Era Trans Sığorta”nın lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cəmiyyətə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv edilib.
Xatırladaq ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən “Era Trans Sığorta”da aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar cəmiyyətə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 (altı) ay müddətinə dayandırılıb.