Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin iyun ayı üzrə 113,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici may ayı ilə müqayisədə 2,1 faiz bəndi çoxdur.
Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, artımla yanaşı indeks 100%-dən yuxarı səviyyədədir. İndeksin 100%-dən çox olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.
Belə ki, iyun ayında əhaliyə 496,6 mln. manat həcmində pullu xidmətlər göstərilib, may ayında isə bu həcm 436,0 mln. manata enib. Müqayisə üçün bildirək ki, aprel ayında bu göstərici 389,9 mln. manata bərabər olub.
Ümumilikdə, yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2,182 mlrd. manat təşkil edib, bu isə illik müqayisədə 7,5% çoxdur. Xidmətlər ÜDM-də 10,2%-lik paya malikdir.