Azərbaycanla Belarus arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. “APA-Economics”in Minskə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Ticarət Evinin rəsmi açılışı üçün Belarusda səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin baş nazirinin müavini Vladimir Semaşko ilə görüşü çərçivəsində bildirib.
Nazir iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər, həyata keçirilən iqtisadi islahatlar, xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib.
“Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Bakıda Belarus istehsalı olan ərzaq məhsullarının 4 satış mağazası fəaliyyət göstərir, həmçinin Gəncə Avtomobil Zavodu kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Belarus müəssisələri ilə sıx əməkdaşlıq edir. Bununla belə, İKT, turizm, ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılması, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur”, - deyə o bildirib.
İqtisadiyyat naziri Belarusda Azərbaycan Ticarət Evinin açılmasımnın ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.
V.Semaşko Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu, iki ölkə prezidentlərinin tapşırıqlarına uyğun olaraq hazırda istehsal sahəsində əməkdaşlığın miqyasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirildiyini, qarşılıqlı investisiya layihələrinin sayının artdığını vurğulayıb, Azərbaycan Ticarət Evinin əməkdaşlığın inkişafında rolunu qeyd edib.
Görüşdə Azərbaycan-Belarus ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, ixracın artırılması, Belarusa ixrac olunan spirtli içkilər üçün lisenziya tələbində güzəşt edilməsi, Azərbaycan investisiyalı logistika mərkəzinin ərazisində gömrük məntəqəsinin yaradılması və s. məsələlər müzakirə edilib.