Bakı. Musa Əhmədov – APA-Economics. "Parabank"ASC-də köklü kadr islahatı aparılıb.
“APA-Economics” bankın saytına istinadən xəbər verir ki, Filialların İdarəetməsi və Satış Departamentinin direktoru Cəlal Abdulla oğlu Nağıyev işdən çıxarılıb. Bu vəzifəyə Məhəmməd Osman oğlu Nağıyev təyin edilib.
Bundan başqa, Müştəri Xidməti Departamentinin direktoru Zahir Əliağa oğlu Qədirov da işdən çıxarılanlar arasındadır. Bu vəzifə Faiq Şakir oğlu Əliyevə həvalə olunub.
Bankın Xəzinədarlıq Departamentinin direktoru Süleyman İlham oğlu Bağırov da vəzifəsi ilə vidalaşıb. Onun əvəzinə bu vəzifəyə Teymur Yakovleviç Şirəliyev təyin edilib.
Bankda kadr dəyişikliyi bununla da yekunlaşmayıb. Təlim və inkişaf şöbəsində daha bir koordinator vəzifəsi yaradılıb və bu iş Vasif Ramiz oğlu İbrahimova tapşırılıb.
MİS-İFRS şöbəsinin müdiri Humay Mürvət qızı Nərimanova da vəzifəsi ilə vidalaşmalı olub. Hələlik bu vəzifəyə təyinat olmayıb. İndi şöbənin müdir müavini Vüsal Elxan oğlu Cabbarovdur.
Bankın Analitik Mərkəzinin müdiri Ziya İlham oğlu Mehdiyev də işdən çıxarılıb. Hazırda bu vəzifəni Kamil Abutalıb oğlu Məmmədli icra edir. Buna qədər K.Məmmədli Monitorinq şöbəsinin müdiri olub. Monitorinq şöbəsinin müdiri vəzifəsində Azər Qismət oğlu Ağayevin olması məqsədəuyğun sayılıb.
Həmçinin, bankın İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsi ləğv edilib. Bu şöbənin əvəzinə Filialların idarəedilmə şöbəsi yaradılıb. Əvvəllər İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri olan Arzu Ağasəlim qızı Əzimova yeni yaradılan şöbənin müdiri olub.