Bakı. APA-Economics - Musa Əhmədov. 2014-cü ildə Azərbaycanda toplanan sığorta haqlarının 24,5%-i və ya 105 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
Onun sözlərinə görə, ötən il ilə müqayisədə həyat sığortası bazarı 36,2 mln. manat və ya 52,7% böyüyüb.
Həyat sığortası üzrə yığımların 56,7%-i və ya 59,5 mln. manatı həyatın yaşam sığortasının, 27%-i və ya 28,3 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15,9%-i və ya 16,7 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 458 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
2014-cü ilin 12 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 28,6 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,2%-ni təşkil etməklə, 2013-cü ilə nisbətən 24,7 mln. manat və ya 7,6 dəfə çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 86,7%-i və ya 24,8 mln. manatı həyatın yaşam sığortasının, 8,4%-i və ya 2,4 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 4,6%-i və ya 1,3 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 62 500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 27,2 manat ödəniş həyata keçirilib. 2013-cü ildə bu göstərici 5,7 manat olub.