Bakı – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauseri qəbul edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanla AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulayan nazir Samir Şərifov mövcud kredit portfelinin qiymətləndirilməsi, yeni ölkə tərəfdaşlıq strategiyası, o cümlədən ölkəmizin bankla birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələri barədə müzakirə aparıb.
K.Gerhauser Bakıda keçirilən Dünya İqtisadi Forumunun Azərbaycanla dünya ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi baxımından əhəmiyyətini vurğulayıb.
S.Şərifov həmçinin Dünya İqtisadi Forumunda iştirak etmək üçün ölkəmizdə olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) İdarə Heyətinin üzvlərini də qəbul edib. Görüşdə Azərbaycanla AYİB arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən respublikada həyata keçirilən yol-nəqliyyat kompleksinin və infrastrukturunun yenidən qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Şərifov qonaqları maraqlandıran sualları cavablandırıb, Azərbaycanda gedən inkişaf prosesləri, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.